Jurnalist araşdırmaları Ermənistan hökumətinin korrupsiya fəaliyyətini ifşa etdi | Sensasion hesabat

      Jurnalist araşdırmaları Ermənistan hökumətinin korrupsiya fəaliyyətini ifşa etdi    | Sensasion hesabat
  18 Aprel 2024    Oxunub:568
Bu gün Qərb dünyasının sahib olduğuna iddia etdiyi dəyər və prinsiplərdən fərqli olaraq, dünyanın müxtəlif nöqtələrində baş verən siyasi, ictimai hadisələrə sırf maraqlar və ikili standartlar çərçivəsindən yanaşması getdikcə açıq xarakter alır.
Uzun illər ərzində Cənubi Qafqaz regionunda da ölkələrə göstərilən qeyri-bərabər yanaşma artıq ayırıcı xətlərə çevrilmə riski daşımaqdadır. Lakin burada qeyd etmək istədiyimiz mövzu başqadır. Hazırda Qərb siyasətçiləri, o cümlədən, siyasi mərkəzləri pro-qərb siyasi kurs nümayiş etdirən ölkələrdə baş verən korrupsiya qalmaqallarına göz yumur və ya bu barədə danışmaqdan imtina edir.

Bu tip korrupsiya hallarının davamlı olaraq inkişaf etdiyi ölkələrdən biri də Ermənistan Respublikasıdır. Liberal dünyanın əsas "fact checking" habı olaraq qəbul edilən jurnalist araşdırmaları "demokratik" Ermənistanda hakim partiyanın maliyyə maxinasiyalarını üzə çıxarıb.

Qeyd edək ki, əldə edilən məlumatlar aprel ayında Brüsseldə Ermənistanın dayanıqlılığına dəstək məqsədilə keçirilməsi planlaşdırılan Aİ-ABŞ-Ermənistan Yüksək Səviyyəli Birgə Görüşündən əvvəl yayımlansa da, ortaya çıxarılan faktlara hər hansı reaksiya və ya etiraz müşahidə edilmir.

Son illərdə ənənəvi xarici siyasət və təhlükəsizlik arxitekturasında diversifikasiya etməyə cəhd göstərən Ermənistanın Avropa İttifaqı və ABŞ arasında siyasi, diplomatik, o cümlədən, təhlükəsizlik sahələrində əlaqələri getdikcə dərinləşməkdədir. Məhz bu tendensiya Qərb dövlətlərinin Ermənistanın atdığı bəzi addımlarına göz yumması, bu barədə danışmaq istəməməsi ilə nəticələnməkdədir.

Cari ilin aprel ayının 5-də Brüsseldə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Entoni Blinken arasında baş tutan üçtərəfli görüşün mətbuata açıqlanan kommunike sənədində müzakirə edilən mövzularla bərabər, rəsmi İrəvanın korrupsiya sahəsində əldə etdiyi uğurlar sadalanır. Sitat: "Avropa İttifaqı və Birləşmiş Ştatlar Ermənistanın 2018-ci ildən bəri demokratik və ədalətli islahatlar və korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi əsaslı irəliləyişləri etiraf edir və Ermənistanın demokratiya və qanunun aliliyini daha da möhkəmləndirdiyinə görə ümumi dəyər və prinsiplərimizə uyğun olaraq onunla tərəfdaşlıq və dəstək verməyə davam etmək öhdəliyini ifadə edir".

Adıçəkilən görüşdə tərəf olaraq iştirak edən Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel isə çıxışı zamanı "Biz Ermənistanın demokratiya, korrupsiya ilə mübarizə və qanunun aliliyinin bərqərar olması istiqamətində səylərini alqışlayırıq" deyə bildirib.

Beləliklə, Ermənistanda aparılan qərbmeyilli xarici siyasət kursu yaşanan korrupsiya qalmaqallarının diqqətdən kənar qalmasına şərait yaradır. Lakin araşdırmalar nəticəsində ortaya çıxmış aşağıdakı qanunsuz fəaliyyətlər Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borelin simasında digər yüksək rütbəli Brüssel məmurlarının sözlərinin yalan olduğunu təsdiqləyir.

Hakim "Mülki Müqavilə" partiyasının maliyyə maxinasiyası

Cari ilin mart ayında Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (Organized Crime and Corruption Reporting Project) və onun Ermənsitandakı yerli tərəfdaşı tərəfindən Ermənistanın hakim partiyasının əldə etdiyi ianələrin mənbəyi ilə bağlı araşdırma yayımlanıb.

Məlumat üçün bildirək ki, qlobalist, liberal dairələr tərəfindən maliyyələşən mərkəz hazırda dünyada beynəlxalq qeyri-hökumət təşkilatı statusunu daşıyır və bəzi ölkələrə qarşı siyasi təsir aləti olaraq "istifadə" edilir. Ermənistandakı "demokratik" rejimin yaradılmasından sonra ilk dəfədir ki, ölkədəki korrupsiya barəsində qlobal mediada məlumatlar paylaşılır.

Ermənistanın hakim Mülki Müqavilə partiyası 2022-ci ildə 170 milyon dram (təxminən 420 min ABŞ dolları) məbləğində ianə qəbul edib və bu rəqəm partiyanın analoji ildə büdcəsinin üçdə birindən çoxunu təşkil edib. Lakin rəsmi maliyyə hesabatının araşdırılması nəticəsində partiyanın maliyyələşməsi ilə bağlı ciddi suallar ortaya çıxıb.

Araşdırmaçı jurnalistlərin Mülki Müqavilə partiyası tərəfindən ianələr etdiyi rəsmən qeyd edilən şəxslərlə müzakirələri zamanı onların bir qisminin bu tip maliyyə əməliyyatlarından ya xəbərsiz olduqları ya da hadisəni xatırlamadıqları üzə çıxıb. Araşdırma çərçivəsində məlumatları dəqiqləşdirmək üçün əlaqə yaradılan 31 donorun yarısı bu tip ianə etmədiklərini bildirib.

Məsələn, açıqlanan siyahıda öz partiyasının donoru kimi adı keçən Ermənistanın Kotayk bölgəsinin Çarentsavan qəsəbə şurasının üzvü Lilit Haroyan jurnalistlərlə müzakirə zamanı, baş verənləri zarafat adlandıraraq, bu barədə ilk dəfədir ki, eşitdiyini bildirib. Lakin rəsmi sənəddə qeyd olunur ki, o, Ermənistanın hakim Mülki Müqaviləi partiyasının büdcəsinə bir milyon dram (təxminən 2 500 ABŞ dolları) maliyyə yardımı göstərib, halbuki o, həmin il gəlirinin olmadığını bəyan edib.

Jurnalistlərin əlaqə saxladığı digər nümayəndə, Mülki Müqavilə partiyasının açıqladığı maliyyə hesabatında 1,5 milyon dram (təxminən 3 700 ABŞ dolları) məbləğində ianə etdiyi göstərilən Vedi şəhər şurasının üzvü Serob Avetisyan isə məsələyə emosional reaksiya verərək, sualdan yayınmağa cəhd göstərib. Sitat: "Əgər siz həqiqətən də jurnalistsinizsə, mənim sizinlə danışmağa vaxım yoxdur" Daha sonra media nümayəndələri tərəfindən aparılan müzakirə zamanı Serob Avetisyan partiyaya ianə etmədiyini bildirib.

Bildirək ki, açıqlanan maliyyə hesabatında Mülki Müqavilə partiyası tərəfindən aparılmış şübhəli maliyyə əməliyyatları yalnız partiyanın bələdiyyə şuralarının üzvləri ilə yekunlaşmır. Məsələn, rəsmi sənədlərdə İrəvanın Avan rayon administrasiyasında sürücü olaraq çalışan Sisak Şahbazyan tərəfindən 2022-ci ilin avqustundan noyabrına kimi partiyaya ümumi həcmi 1,7 milyon dram (təminən 4 200 ABŞ dolları) məbləğində dörd köçürmə edilib. Cənab Şahbazyan jurnalistlərin suallarını cavablandırarkən pulun ona məxsus olmadığını və partiya üzvlərinin ondan bu məbləği köçürməsini istədiklərini bildirib. Sitat: "Yaxın dostlar (pulları) verdilər, mən onları köçürdüm. Biz partiyaya ianə etdik ki, kirayə haqqını ödəsinlər".

Şübhəli maliyyə əməliyyatları Ermənistanın Taşir şəhər şurasının üzvü Meline Sukiasyanın da başına gəlib. Belə ki, maliyyə hesabatında xanım Sukiasyanın 2022-ci ilin oktyabr və noyabr aylarında 3 milyon dram (təxminən 7 500 ABŞ dolları) dəyərində iki ianə həyata keçirməsi qeyd edilir. O, məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Sitat: "Belə pulum yoxdur, ianə edə bilməzdim. Mən artıq onlara (Mülki Müqavilə partiyasına) etibar etmirəm. Əgər belə sənədləriniz varsa mənə göndərin. Mən, adıma böhtan atılmasına icazə verməyəcəm".

Ermənistan hökuməti son illərdə korrupsiyaya qarşı mübarizə çərçivəsində atdığı addımları ölkəni idarə etmiş keçmiş oliqarxik elitanın siyasi-ictimai vəziyyətə təsirlərinin qarşısını almaq məqsəd ilə etdiyini bildirir. "İslahatlar" çərçivəsində hüquqi şəxslərdən nəğd pul və köçürmələrin qadağan edilməsi, habelə fiziki şəxslərin maliyyə dəstəyinin məhdudlaşdırılmasından sonra hakim partiyanın şübhəli maliyyə əməliyyatları həyata keçirməsi fərqli mətləblərdən xəbər verir.

Məsələ ilə bağlı Transparency International Anti-Korrupsiya Mərkəzinin Ermənistandakı icraçı direktoru Sona Ayvazyan bildirir ki, "lazımi vəsaiti əldə etmək üçün siyasi partiyalar çox güman ki, qanundan yan keçmək və qeyri-qanuni sxemlərdən istifadə etmək yollarını axtarırlar".

Ermənistanın hakim Mülki Müqavilə partiyasının maliyyələşməsində istifadə edilən qanunsuz üsullar və yuxarıda adları sadalanan sadə vətəndaşların bu tip çirkli siyasi oyunlarda istifadəsi davamlı xarakter alıb. Ermənistan hökuməti keçmiş avtoritar hökumətdən fərqli olaraq özünü demokrat, xalqın təyin etdiyi hakimiyyət olaraq adlandırsa da, korrupsiya əməllərinin sadəcə olaraq üslubu dəyişib, ancaq mahiyyət eynidir.

Helsinki Vətəndaş Assambleyası-Vanadzor qeyri-hökumət təşkilatının demokratiya üzrə koordinatoru Vardine Qriqoryan isə düşünür ki, ianələrin xarakteri partiyanın vəsaitlərinin mənbəyini gizlətmək cəhdindən xəbər verir. O hesab edir ki, pul "müxtəlif mənbələrdən nağd şəkildə alına, sonra isə öz namizədləri adından partiyaya ötürülə bilərdi".

Sual olunur: Nikol Paşinyanın rəhbəri olduğu hakim siyasi partiya hansı pullar hesabına ianə fəaliyyətini həyata keçirir? Adları çəkilən sıravi partiya nümayəndələrinin adlarından istifadə edilərək, qanunsuz yollarla partiya büdcəsinə "idxal edilən" pulların mənbəyi haradır? Ola bilərmi ki, uzun illər ərzində erməni xalqının boğazından kəsərək, sərvət toplayan keçmiş siyasi elitanın çirkli pulları məhz bu yolla "ağardılır"? Həm də Paşinyan iqtidarının lehinəİstənilən halda ortaya çıxarılan danılmaz faktlar "demokratik" Ermənistan hökumətinin korrupsiya ilə mübarizədə səsləndirdiyi bəyanatların əslində populizm olduğunu göstərir.

Qlobal donorlar hesabına yaradılan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (Organized Crime and Corruption Reporting Project), habelə Transparency International və Helsinki Vətəndaş Assambleyası kimi qeyri-hökumət təşkilatlarının Ermənistandakı korrupsiya haqqında rəyləri isə Qərb bürokratları və siyasətçiləri tərəfindən qulaqardına vurulur.

İlk hissənin sonu.

Ardı var...Növbəti hissədə Ermənistan hakim partiyasının digər korrupsiya qalmaqalları və bu prosesdə iştirak edən bank haqda məlumatlar təqdim ediləcək.

"Trend"


Teqlər: Ermənistan  





Xəbər lenti